2020-ci il müasir həyat tərzimizə yeniliklərlə daxil olduğu kimi evlərimizin interyerinə də birbaşa təsir göstərir. 2020-ci ildə təbii elementlər olan taxta, daşdan tutmuş, canlı bitkilər şaquli və asılmış yaşıl yarpaqlar da ev mühitinə fəal şəkildə daxil edilir. Bu ilin dəbli interyerlərində otaqların dizaynında cəlbedici şokolad, şabalıd və qəhvə tonlarında ağac mebelləri gözlənilir. Bundan başqa bu tonlar yalnız mebeldə deyil, divarlarda, döşəmələrdə və dekorativ quruluşlarda da öz əksini tapa bilər.
İstənilən dəyişiklikdə gümüşü və qızılı rənglərdən polad örtüklərə qədər metalların istifadəsi tendensiyası davam edəcək. Metal elementləri dekorasiyaya lampalar, güzgü çərçivələri, mebel ayaqları, vazalar kimi daxil edilə bilər.
Rəqəmsal rabitənin sürətlə inkişaf etdiyi müasir dövrdə insanlara ofisdə deyil evdə işləməyə imkan yaranır. Bu səbəbdən evin dizaynında istirahət, əyləncə və gündəlik fəaliyyət imkanlarından əlavə xüsusi iş sahələri yaratmaq mütləqdir. İş sahəsini, qonaq otağı və ya yataq otağı dizaynına birləşdirilmiş formada yaratmaq olar.
Dizayn mütəxəssisləri, ixtisaslaşdırılmış memarlar 2020-ci ili əhatə edən rəngli dominantları müəyyənləşdirdilər. Bu ilin əsas rəngləri solğun nanə yaşıl, qara, tünd yaşıl, mavi-boz, tünd mavi, solğun çəhrayı, pastel ağ, şokolad və qəhvə tonları olaraq seçildi. Yaşayış sahəsində yaşıl çalarlar sakitləşmək, dinc bir fon yaratmaq üçün əlverişlidir. Aşağıdakı şəkillərdə 2020-ci ilin əsas rənglərini evimizin müxtəlif hissələrində necə istifadə edə biləcəyimiz vurğulanır.
2020-ci il mətbəx dizaynında sadəlik aktualdır. Lakin bəzi detallarda lüks vurğular da öz əksini tapa bilər. Dizaynda daşlardan istifadə etmək olar. Hər zaman zərif görüntü verən mərmər bəzək isə bu il də modada qalır. Yeni mövsümün mətbəx mebelində tutacaqların olmaması və ya minimuma endirilməsi trend olacaqdır. Mütəxəssislər bu ideyanın ən azı bir neçə il tələbat yaradacağına əmindirlər.
Diqqət etdiyimiz zaman 70-ci illərin üslubundakı mebel elementlərinin müasir mebel dizaynına müxtəlif yollarla yansıdığını görə bilərik. Bu elementlər əsasən zərif mebel ayaqları və ya daha müasir bir örtükdə öz əksini tapmışdır.